Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Komitədən Oxu.Az-a verilən məlumata görə, toplantıda komitə sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılmasıdır.
Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələri və milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən prezidentin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq indiyədək 77 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.
Ülviyyə R. Əli
www.oxu.az