Hazırda Azərbaycan vətəndaşları istehlak xərclərini azaldıblar. Bu isə hazırkı iqtisadi böhran şəraitində bazara mənfi təsir edir. Sual yaranır ki, hazırda bazarda psixoloji vəziyyət nə yerdədir? Nə üçün vətəndaşlar mənzil, avtomobil, primitiv məişət cihazı belə almaq üçün gözləmək mövqeyindədirlər?
Oxu.Az bu suallar ətrafında iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Rusiyada yaşayan soydaşlarımız tərəfindən Azərbaycana göndərilən vəsaitlərin azalması alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir edən səbəblərdən biridir:
“Dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. 2014-cü ildən başlayaraq müşahidə edilən iqtisadi böhran ölkədə də müşahidə edilir. Rusiyada soydaşlarımızın ölkəyə göndərdikləri vəsaitlərin həcminin azalması Azərbaycanda, xüsusən regionlarda yaşayan vətəndaşlarımızın alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir edib.
2015-ci ilin fevralın 21-də Azərbaycanda devalvasiyanın baş verməsi nəticəsində, manatın dəyəri dollar qarşısında 34% ucuzlaşdı. Bununla bağlı olaraq, əhalinin borcları artdı, onlar gəlirlərinin müəyyən hissəsini borc şəklində geri qaytarmağa (kreditlərin ödənilməsinə) başladılar. Bu isə alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir edən təbii prosesdir”.
R.Həsənov onu da bildirib ki, gələcəkdə avtomobil, mənzil, qızıl bazarında ucuzlaşma davam edə bilər:
“Hazırkı situasiyada əhali gəlirlərini daha ehtiyatlı xərcləyir və daha çox gündəlik tələbat məhsullarının istehlakına üstünlük verir. Bir çox insanların isə birincilərin əksinə olaraq, xərcləmək üçün pulları yoxdur. Bəzi insanlar isə pulları olsa da belə, gələcəkdə gözlənilən problemlər qarşısında maliyyə vəziyyətinin müsbət olmasına çalışır. Bununla əlaqədar olaraq, avtomobil, mənzil, qızıl bazarında ucuzlaşma tendensiyası müşahidə edilir. Çox güman ki, məhz bu sahələr üzrə qiymət azalmaları davam edəcək”.
Ekspert bildirib ki, insanlar pulu daha qənaətli xərcləməyə məcburdur:
“Azərbaycanlıların bu gün hər birinin minimum iki telefonu var. Amma seriyanın dəyişilməsindən söhbət gedirsə, bu halda onlar düşünməli olacaqlar. Bu gün iPhone-nun bir modeli çıxdı, sabah onu yenisi ilə əvəzləyim - bu məsələlər artıq olmayacaq.
Digər bir tərəfdən isə heç kim zəmanət vermir ki, bu məhsulların qiyməti düşməyəcək. Xüsusən də bu tip məhsulların qiyməti kifayət qədər aşağı düşəcək. Buna görə də, düşünüb qərar vermək üçün çətinlik çəkən insanlar var”.
Öz növbəsində iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə qeyd edib ki, əhalinin gəlirləri aşağı düşdüyündən onlar əllərində olan vəsaitləri mənzilə, avtomobilə deyil, gündəlik istehlak məhsullarına xərcləyirlər.
“Bu, bazar iqtisadiyyatının qanunudur. Belə də olacaq”.
Ekspert bildirib ki, əhalinin hazırkı psixologiyası belədir ki, onların əllərində vəsaitləri yoxdur:
“Əgər bu gün mənə avtomobil lazımdırsa və onu almıramsa bunun bircə səbəbi pulumun olmamasıdır”.
Əhalinin səviyyəsi yüksəldikcə, istehlak bazarı ilə münasibətlər müəyyən qədər balanslaşdırılmış olacaq. Bu halda qiymətlər bahalaşa bilər:
“Məsələn, devalvasiyadan əvvəl maaşlar hansı şəkildə idisə indi də onlar eyni olaraq qalıb. Bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir edən faktorlardan biridir”.
Ülviyyə R. Əli
www.oxu.az