Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxt ərazisində antisanitar şəraitdə balıq alveri ilə məşğul olan şəxslərlə profilaktik və maarifləndirici söhbətlər həyata keçirirlər.
İdarədən Oxu.Az-a verilən rəsmi məlumatda bildirilir ki, qanunsuz olaraq və antisanitar şəraitdə satılan balıq növləri insan orqanizminə zərərlidir.
Eyni zamanda, antisanitariya şəraitində satışa çıxarılan balıqlardan zəhərlənmə halları son dövrlərdə artıb. Su Nəqliyyatında Polis İdarəsi quş və dəniz onurğasızlardan ayılan krevet və xərçəngləri alan kafe, restoran, eləcə də, bazarlara müraciət edərək bildirir ki, antisanitar şəraitdə satılan ov məhsullarını bu tip yerlərdən alıb əhalini zəhərləməsinlər.
İdarənin digər məlumatında qeyd olunur ki, ötən gün su polisi tərəfindən gecə saat 21:25 radələrində Xəzər dənizində balıqçı ölümdən xilas edilib. Hüseynov Əmiraslan Muxtar oğlu və Səmədov Hikmət Fikrət oğlu Novxanı qəsəbəsində taxta qayıqla balıq ovuna çıxıblar və sahildən beş km uzaqda qayığın motoru xarab olub.
Həyatı təhlükə ilə üzləşən balıqçılar İdarənin Sumqayıt məntəqə rəisinə zəng vuraraq motorlarının xarab olduğunu deyərək kömək istəyiblər. Hadisə operativ şəkildə Su Nəqliyyatında Polis İdarəsinin rəisinə məruzə olunub və dərhal hadisə rəhbərliyin nəzarətinə götürülüb.
Balıqçıların xilas edilməsi üçün əməliyyat tədbiri hazırlanıb. Havanın dəyişməsi və küləkli olması həyata keçirilən tədbirlərə çətinlik yaşatsa da, balıqçıların həyatı xilas edilib.