Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Oxu.Az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Belə ki, bəzi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.
Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.
Beləliklə, qeyd edilən qanun pozuntuları aşkarlandıqda 50 manat cərimə tətbiq ediləcək.
Həmçinin avtomobillərdə qanunsuz reklamın yayılmasına görə cərimələr də 2 min manatdan 50 manatadək endiriləcək. Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə 50 manat məbləğində cərimə ediləcək.
Qanun layihəsində, həmçinin müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasının da foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.