“Bütün məhkəmələrin işlərini nəzərə alsaq, il ərzində bu binada 25-30 minə yaxın işə baxılacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev deyib.
O bildirib ki, buraya 100 minə yaxın vətəndaş müraciət edəcək:
“Burada yaradılmış şərait məhkəmələrin fəaliyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda vətəndaşlarımız, eləcə də məhkəmə prosesində iştirak edəcək şəxslər üçün zəruri olan şərait yaradılıb. İnformasiya və kommunikasiya texnikasının yerləşdirilməsi, ondan istifadə və müraciət zamanı məhkəmə proseslərinin gedişində İKT-dən istifadə nəzərdə tutulub.
Eyni zamanda hakim və məhkəmə işçiləri üçün yaradılan informasiya-kommunikasiya sistemləri məhkəmə işçilərinin işinə müsbət təsir göstərəcək. Kompleksdə olan 24 məhkəmə zalı vətəndaşların işlərinin vaxtında təyin edilməsinə xidmət edəcək. Proseslər vaxtında keçirildiyi təqdirdə süründürməçiliyin aradan qaldırılmasına gətirib çıxaracaq ki, bu da vətəndaşların hüquqlarının daha yaxşı qorunmasına şərait yaradacaq”.
Könül Cəfərli