Sumqayıt şəhərinin 10-cu mikrorayonunda, 24 və 28 nömrəli məktəblərin yerləşdiyi ərazidə tikinti işlərinə başlanılması sakinlərdə narahatlıq yaradıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Qeyd olunub ki, hər iki məktəbin istifadəsində cəmi bir stadion və açıq idman meydançası var.
"Bir müddət əvvəl 28 nömrəli məktəbin ərazisində yerləşən stadion hasara alınaraq burada tikinti işlərinə başlanılıb. Məsələ ilə bağlı mediaya müraciət etdikdən sonra tikinti işləri bir gecədə dayandırılıb, ərazidəki materiallar və avadanlıqlar götürülüb. Təxminən bir həftə əvvəl əraziyə yenidən müvəqqəti vaqon gətirilib və stadionun ətrafı təkrar hasara alınıb. Məktəb rəhbərliyi tərəfindən isə ərazi ilə bağlı hər hansı məlumat verilməyib", - deyə şikayətdə vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq, 24 və 28 nömrəli orta məktəblərdən verilən birgə məlumatda bildirilir ki, sözügedən qurğuların yerləşdirilməsi məktəblərin ərazisində tikinti işlərinin aparılacağı anlamına gəlmir.
"Məktəblərin həyətyanı ərazilərində icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyəti üçün müvafiq şəraitin yaradılması istiqamətində işlər görülür. Bu məqsədlə ərazidə iki ədəd daşına bilən modul tipli konstruksiya yerləşdirilib. Bildiririk ki, icma əsaslı məktəbəqədər təhsil qruplarının fəaliyyəti məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, valideyn-icma-məktəb əməkdaşlığının gücləndirilməsinə, eləcə də uşaqların sosial-emosional və ilkin inkişaf bacarıqlarının formalaşdırılmasına xidmət edir", - deyə birgə məlumatda vurğulanıb.