Sumqayıtda 30 il əvvəl keçmiş məcburi köçkün ailəsinin məskunlaşdığı mənzilin qanuni sahibi evini geri ala bilmədiyini iddia edir.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bu barədə 11-ci mikrorayon ərazisində yerləşən mənzilin qanuni sahibi Balahəsən Aydınovun həyat yoldaşı danışıb.
O bildirib ki, illər əvvəl evlərinə məcburi şəkildə yerləşən Qubadlı rayon sakini Pənah Mütəllimov və ailəsi mənzili tərk etmək istəmir. Şikayətçinin sözlərinə görə, əllərində mənzilin boşaldılması ilə bağlı rəsmi məhkəmə qətnaməsi olsa da, qarşı tərəf buna məhəl qoymur.
Məsəlni araşdırmaq üçün həmin mənzilə yollandıqda ev sahibləri ilə tərəflər arasında gərginlik yaşanıb.
Keçmiş məcburi köçkün Pənah Mütəllimov deyir ki, onlar yalnız doğma ata-baba yurdlarına, Qubadlıya köçürüləcəkləri gün bu evdən çıxacaqlar.