İnsanlar hər zaman daha uzun ömür sürməyin və qocalma prosesini gecikdirməyin yollarını axtarıblar. Cənubi Koreyada alimlər daha uzunömürlü olmaq məqsədilə müxtəlif preparatlar hazırlayıblar.
Bəs bu cür preparatlar, həqiqətən də, daha uzun ömür sürməyimizə və qocalma prosesini gecikdirməyimizə kömək edə bilərmi?
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, fizioloq Jalə Qurbanovanın sözlərinə görə, qocalma orqanizmdə baş verən təbii fizioloji prosesdir və bu prosesi tamamilə dayandırmaq mümkün deyil:
"Orqanizm mükəmməl çalışan bioloji mexanizmdir. Bu mexanizm davamlı olaraq öz daxili balansını qoruyur, özünü həyatda saxlamağa çalışır. Bunu təmin edən isə hüceyrələrin davamlı bölünməsi və yenilənməsidir. Bu prosesdə bütün hüceyrələrin daxilində yerləşən "telomer" adlanan xromosom başlıqları mühüm rol oynayır. Hər hüceyrə bölünməsi zamanı telomerlərin uzunluğu qısalır. Bu proses elə bir kritik həddə çatır ki, hüceyrə artıq bölünməni dayandırır. Bu zaman insanda yaşlılıq əlamətləri görünməyə başlayır".