Sumqayıtda fəhlənin ölümü ilə bağlı şəhər prokurorluğunda araşdırma başladılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavabda bildirilib.
İyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, həmin şəxs 2005-ci il təvəllüdlü Ariz Ağayarov olub. O, həmin ərazi yerində fəhlə kimi çalışırmış.