Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi keçən həftənin sonunda baş verib.
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib.
O, şagirdi döyən müəllimin adını da açıqlayıb:
"Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb".
Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq.
T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir:
"Müfəttişlər də lazım olan araşdırmaları aparır".
09:10
Sumqayıt şəhərində məktəblərdən birində müəllim şagirdi döyüb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-ə daxil olan videoda aydın görünür ki, Sumqayıtda yerləşən 22 saylı orta məktəbdə İdris adlı tarix müəllimi dərsdə şagirdlərin gözü qarşısında şagirdin başına çox sayda zərbələr endirir.
Əsəbləri soyumayan müəllim həmin şagirdi sürüyərək sinifin küncünə apararaq döyməkdə davam edir. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edir.
Həmin videonu sizə təqdim edirik.
E.Ə.
www.oxu.az