Sumqayıt şəhərinin Saray bağları yaşayış massivində aparılan kanalizasiya çəkilişi işləri sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, Qurd dərəsi massivi, Ruhulla Axundov küçəsində həyata keçirilən işlər zamanı evlərin kanalizasiya şəbəkəsinə qoşulmasına eyni qaydada yanaşılmır.
Sakinlərin sözlərinə görə, bəzi ev və obyektlərin şəbəkəyə qoşulması qısa müddətdə həyata keçirilir, digər sakinlər isə növbə gözləməli olurlar.
Müraciətdə, həmçinin iddia edilir ki, kanalizasiya xəttinə qoşulmaq üçün bəzi ev sahiblərindən 1 000-1 500 manat, bəzi obyekt sahiblərindən isə daha yüksək məbləğlər tələb olunur.
Sakinlər dövlət vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələri zamanı vətəndaşlardan qeyri-rəsmi ödəniş tələb olunması məsələsinin araşdırılmasını tələb edirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ərazidə görülən işlər vətəndaşlar tərəfindən həyata keçirilir:
"İcra olunan işlərin İri Şəhərlərin Su Təchizatı ilə heç bir əlaqəsi yoxdur. Lakin hazırda məsələ ilə bağlı araşdırma aparılır".