Sumqayıt sakinləri hər axşam “Nəsimi” adına dənizkənarı parkın Ulduz abidəsi adlanan ərazisinə dincəlmək üçün gəzintiyə çıxırlar.
Oxu.Az Faktxeber.com-a istinadən məlumat verir ki, adıçəkilən ərazidə həmçinin şəhidlərimizin uyuduğu xiyaban yerləşir.
Lakin ərazidə bəzi hadisələr, narahatçılıq yaradır. Belə ki, əyləncə və gəncləri əyyaşlığa sövq edən wap və çat adları reklamlarının Şəhidlər Xiyabanı ətrafında yazılması gəncliyimizlə bağlı ciddi suallar doğurur.
Divarlara bu yazıların gənclər tərəfindən yazılması şübhəsizdir.
Bəs bu sayt adlarıyla bağlı rəsmi araşdırma aparıb lazımi insanları cəzalandırmaq mümkün deyilmi? Belə yazıların divarlarda neçə aylardır qalması və aidiyyəti qurumlar tərəfindən bu günə qədər pozulmaması ondan xəbər verir ki, baş verənlərlə bağlı nə kimlərsə cəzalandırılıb, nə də ki, adıçəkilən saytlarla bağlı hər hansı bir tədbir görülüb.
Eyni halda, sakinlər də park ətrafında baş verən bəzi hallara görə narahat olduqlarını bildirirlər:
“Hər axşam ailəmizlə dincəlmək üçün bura gəlirik. Lakin bəzi gənclərin ədəbsiz hərəkətləri ilə üzləşməyimiz bizi ciddi şəkildə narahat edir. Görürsən cavan qızlar və oğlanlar elə işlər görürlər, adam utanıb yerə girir. Hətta bəzi vaxtlar Şəhidlər Xiyabanının ətrafında bu cür işləri görməkdən belə çəkinmirlər. Nə polis hər hansı bir tədbir görür, nə də ki, özləri həya edirlər”.
Ümid edirik ki, bu materialdan sonra park ətrafında yaranmış problemlərlə bağlı müəyyən tədbirlər görüləcək.