Bildiyiniz kimi respublikanın bəzi şəhərlərində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək vətəndaşların küçəyə çıxması qadağan edilib.
Oxu.Az xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində, yoluxma sayının azaldılması məqsədilə tətbiq edilən iki günlük məhdudiyyət Sumqayıt şəhərində də ciddi şəkildə davam etdirilib.
Belə ki, ilk gün olduğu kimi sərt karantin rejiminin ikinci günü də şəhərin əsas prospekt və küçələrində karantin postları qurulub. Şəhərdə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində çalışıb.
Şəhərin əsas giriş-çıxışlarında, mərkəzi prospekt və küçələrində - Sülh prospekti, Heydər Əliyev prospekti, Azərbaycan prospekti, Nəriman Nərimanov, Kamran Hüseynov, Natəvan küçəsi, eləcə də, digər küçələrdə karantin qaydalarına tam riayət olunmasına ciddi nəzarət olunur. Yalnız xüsusi icazəsi olan məhdud sayda şəxslərin küçəyə çıxmasına icazə verilib.
Mərkəzi küçə və prospektlərində xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) Sumqayıt Şəhər Polis İdarəsinin tabeliyində olan əməkdaşları və DİN-in Daxili Qoşunların hərbçiləri xüsusi icazəsi olmadan küçəyə çıxan vətəndaşlarla profilaktik söhbət apararaq onları karantin qaydalarına riayət etməyə dəvət edib.
Polisin xəbərdarlığına məhəl qoymayan, sərt karantin rejiminin tələblərini pozan vətəndaşlar barəsində isə qanunamüvafiq protokollar tərtib olunub və zəruri tədbirlər görülüb.
Könül Cəfərli