FHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə, məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.
Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
05.08.2017 (23:52)
Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.
Oxu.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.
Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
22:39
Sumqayıtda yataqxanada partlayış olub.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.
Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.
Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
21:59
Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğının səbəbi hələlik məlum deyil.