Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA TV-nin məlumatına görə, yüksək sürətin səbəb olduğu hadisə şəhərin girişində qeydə alınıb.
Sülh küçəsi ilə Sumqayıt şəhərinə doğru gedən “Opel” markalı minik maşınının sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Zərbənin gücündən ağac kökündən çıxıb, avtomobil isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşındakı sərnişin, təxminən 40-45 yaşlı kişi dünyasını dəyişib. Qəzanı törədən sürücü isə avtomobili hadisə yerində qoyaraq qaçıb.
Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin müayinə nəticəsində qəzaya avtomobilin yüksək sürətlə idarə olunmasının səbəb olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Qəzada dünyasını dəyişən şəxsin, eləcə də avtomobil sahibinin şəxsiyyəti dəqiqləşdirilir.