Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sumqayıtda baş verən dəhşətli qəzanın DETALLARI MƏLUM OLDU
"Yanvarın 16-sı, saat 20-də Sumqayıt şəhəri Sülh küçəsində Abşeron rayon sakini 2004-cü il təvəllüdlü Elşad Ceyhun oğlu Məmmədov idarə etdiyi "Hyundai" markalı 77-UG-721 dövlət nömrə nişanlı avtomobillə piyada keçidində yolu keçən şəhər sakini 1960-cı il təvəllüdlü Yavər Əjdər oğlu Mehdiyevi vurub. Bundan sonra idarəetmədən çıxan avtomobil yolun kənarındakı hasara çırpılıb və nəticədə avtomobildə yanğın baş verib".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev verib.
"Hadisə nəticəsində piyada Yavər Mehdiyev və eləcə də sürücü Elşad Məmmədovun sərnişini olan Tovuz rayon sakini 2003-cü il təvəllüdlü İntiqam Qalib oğlu Paşayev hadisə yerində həyatlarını itiriblər. Sürücü E.Məmmədov və onun digər sərnişinləri Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Təbriz Rövşən oğlu Fərəcli, Abşeron rayon sakini 2004-cü il təvəllüdlü Ceyhun Vüqar oğlu Əliyev xəstəxanaya yerləşdiriliblər. Avtomobilin mühərrikinin yanar konstruksiyaları yanıb. Həmin vaxt "Hyundai" markalı avtomobilin yanında hərəkətdə olan Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi KIA markalı 99-TX-628 dövlət nömrə nişanlı avtomobil də hasara çırpılıb və sürücü hadisə yerini tərk edib. Belə bir ehtimal var ki, hər iki avtomobil sürət yarışı təşkil ediblər və nəticədə belə ağır hadisə baş verib. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev onu da qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə, xüsusən də gənc sürücülərə müraciət edərək, bu cür ağır yol-nəqliyyat hadisələrindən nəticə çıxarmağı, cəmiyyətə və qanunlara hörmətsizlik etməkdən çəkinməyə çağırır və yol hərəkəti qaydalarına əməl etmələrini tələb edir.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan bir nəfərinin vəziyyəti ağırdır".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verilib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16 yanvar saat 20:40-da üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan bir nəfər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, müştərək travmatik sınıqlar diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Müxtəlif bədən xəsarətləri alan iki nəfərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Sumqayıt şəhərində, Sülh küçəsində "Hyundai" və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Əzizə İsmayılova
Rəylər