"Bəzi hallarda sürət məhdudiyyətləri və yolun nişanlanması sürücülər üçün əlavə çətinliklər yaradır".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, yollarda ilk növbədə təhlükəsizlik qorunmalıdır, amma bəzi hallarda magistrallarda sürət həddi o qədər aşağı müəyyən edilir ki, sürücülərdə bunun süni məhdudiyyət olduğu təsəvvürü yaranır:
"Bəzi yollarda zolaqların eni beynəlxalq standartlara uyğun olmadığından sürücülər məcburən yol nişanlanmasını pozmalı olurlar. Avtomobillərin parklanması üçün ayrılmış yerlərdən sonra hərəkət zolağının eni standartdan aşağı düşür.
Nəticədə iri avtomobillə yanaşı hərəkət edərkən sürücü istər-istəməz keçilməz xətti kəsməyə məcbur olur və bunu qeydə alan kameralar cərimə tətbiq edir. Mövcud vəziyyət sürücülərə psixoloji təzyiq yaradır. Rayona gedəndə şəxsən mən də avtomobil idarə edərkən radarları izləmək üçün naviqator proqramından istifadə edirəm. Bir gözüm telefonda, bir gözüm yol nişanlarında, bir gözüm də sürətdə olur. Bu, sürücülərdə elə bir psixoloji diskomfort yaradır ki, təhlükəsizliyi təmin etmək üçün görülən tədbirlər bəzən, əksinə, təhlükə mənbəyinə çevrilir. Yol nişanlanması və xətlənməsi zamanı beynəlxalq standartların nəzərə alınması vacibdir".