Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələri bəzən saatlarla davam edən tıxaclara səbəb olur.
Baku TV-nin məlumatına görə, sürücülər qəza zamanı qəzaya uğrayan avtomobilləri yolun hərəkət hissəsində saxlayaraq yol patrul xidmətinin və sığorta əməkdaşlarının gəlməsini gözləyirlər.
Nəticədə isə həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşır. Bəs sürücülər niyə belə hallarda maşınlarını yolun kənarına çəkmirlər?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bunun əsas səbəbi qanundakı ziddiyyətdir.
Belə ki, bir tərəfdən, avtoqəza zamanı nəqliyyat vasitəsinin yerindən tərpədilməməsi tələb olunur, digər tərəfdən isə müəyyən şərtlər daxilində avtomobilin yolun kənarına çəkilməsinə icazə verilir.
Ekspertin sözlərinə görə, həmin şərtlər kifayət qədər mürəkkəb olduğu üçün sürücülər qəza anında adekvat qərar verməkdə çətinlik çəkirlər. Onun fikrincə, problemin həlli üçün "Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsindəki ziddiyyətli müddəalar sadələşdirilməlidir.