Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbəri Yadigar Muradov 1937.az-a Şuşa ilə bağlı xatirələrini bölüşüb.
Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:
“1990-cı ildə Qarabağ hadisələrinin ən qaynar vaxtı idi. Məşq etdiyimiz yerdə bir də görürdük ki, qapı döyülür. Gəlib deyirdilər ki, məşqinizi saxlayın, şəhərə meyit gətiriblər. Yolda beş erməni birləşib öldürüblər. Biz də musiqili teatr olduğumuz üçün məşqləri təxirə salırdıq.
Şükufə adlı bir qız var idi, hər gün gəlirdi teatra. Son aylarda məşq etmək olmurdu. Sadəcə olaraq, teatra gedib-gəlirdik. O qız teatrdan getmək istəmirdi. Bir də görürdün, şəhəri bombalamağa başladılar. Hamı çıxıb gedirdi evinə. Şükufə isə getmirdi. Hətta bir dəfə hirsləndim, onu teatrdan çıxardım ki, get evinə. O da getdi, orduya yazıldı. İndinin özündə də Şükufənin bədənində 70-dən yuxarı qəlpə var. Hələ də aktrisalıq edir”.