Ötən gün Media.Az-ın müxbiri işğaldan azad olunmuş Şuşa şəhərində olub. Azərbaycanın mədəniyyət paytaxtında restavrasiya-bərpa işləri aparılır. Bir il əvvəl bəlkə də təsəvvürə belə gətirmək mümkün olmasa da, bu gün Şuşa küçələrində uşaqların gülüş səsləri eşidilir.
Media.Az hazırda Şuşada yaşayan Aqşin Quliyevlə söhbət edib.
- Qucağınızda uşaq var...
- Bəli, burada ailəmləyəm, həyat yoldaşımı və iki uşağımı da gətirmişəm.
- Burada mülki vətəndaşların yaşaması üçün şərait var?
- Bəli, hər şey yaxşıdır. Siz artıq Şuşa şəhərində bərpa işlərinin hansı sürətlə aparıldığını görməyə imkan tapmısınız.

- Siz özünüz Şuşadansınız?
- Bəli, bütün ailəm Şuşadandır. Babamın evi Aşağı Gövhər Ağa məscidinin yaxınlığında yerləşirdi.
- Ev hələ salamat qalıb?
- Xeyr, təəssüf ki, ermənilər tərəfindən dağıdılıb. Ancaq buna baxmayaraq, burada olduğum üçün çox şadam.

- Siz demək olar ki, bərpa edilən şəhərin ilk sakinlərisiniz, bəs burada sizin kimi ailələrin sayı çoxdur?
- Bəli, bir neçə ailə də var. Əsasən bu ərazilərdə çalışanların ailələridir.
