Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Taksi sürücülərinə saxta əsginaslar verib qalığını tələb edən şəxslər saxlanılıblar - FOTO/VİDEO
Paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan beş nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əsginaslar verib əvəzində isə pulun qalığını aldığını bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazid əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsilə də qeydə alınıb.
Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində inzibati ərazidə yerləşən geyim mağazalarından birində olan seyfdən 2 072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov da saxlanılıb. Bu şəxsin törətdiyi oğurluq hadisəsi də geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb. H.Mahmudov və Ş.Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.
Rəylər