Kəramət Böyükçöl yazır...
Bu yaxınlarda kitab təqdimatında idim, hava isti və içimdə bir boşluq vardı ki, gəl, görəsən. Həmişəki kimi özümü qoymağa yer tapmırdım. Elmlər Akademiyası metrosunun ətrafında bir taksi sifariş verdim. Xanım dostum da yanımda idi. Taksiyə əyləşib Lökbatana yollandıq. Taksidə meyxanaçılar deyişirdi, daha doğrusu, bir-birlərinə ağızlarına gələni deyirdilər. Musiqinin səsi isti havaya qarışıb içimdəki boşluğu daha da dərinləşdirirdi. Sürücünün üz-gözündən qəzəb, dava-dalaş, nifrət yağırdı. Qızın əlindən bərk-bərk yapışıb qulağına pıçıldadım ki, qorxuram. O da əllərimi sıxıb saçlarımı tumarladı, dedi, arxayın ol, yanındayam. Özü də kondisionersiz maşındır, içəri alışıb yanır. Kürəyimin arası ilə su gedir. Əl atıb maşının pəncərəsini aşağı saldım ki, hava gəlsin. Düzü, heç çöldə də hava yox idi, amma bütün hallarda maşının sürəti, heç olmasa, isti küləyi ilə bizi havalandırırdı.
Meyxana sədaları altında sürücü qəfil geri çevrilib dedi:
- Qaqaş, o şüşəni nöş aşağı saldın? O, yuxarı qalxmır.
Qeyri-ixtiyari olaraq əlimi düyməyə apardım, bir-iki dəfə güc verdim, gördüm, doğrudan da qalxmır. Elə sakit bir səslə qayıtdım:
- Vallah, mən nə bilim maşının şüşəsi qalxmır.
Sürücü coşdu, nə coşdu. Maşını yolun kənarına verib saxladı, qapıya iki yumruq, bir təpik vurdu, orasını-burasını qurcaladı, mənim qarama deyinə-deyinə təzədən sükan arxasında əyləşib qaz verdi. Arxadan qorxa-qorxa dilləndim:
- Qardaş, mənim günahım nədir? Maşının pəncərəsi işləmirdisə, mənə xəbərdarlıq edərdin, işimi bilərdim.
- Ala, yox e, sən düz ələmədün.
Tez qıza işarə elədim ki, əlimi buraxsın, birdən sürücünün xoşuna gəlməz, deyər ki, maşında qızın əlindən nöş tutmusan? Əllərimi buraxmaq bir yana qalsın, deyən kimi yazıq qız özünü arxa oturacaqda gizlətdi, ilim-ilim itdi. Mən də ürəyimdə dua eləyirəm ki, ilahi, nə olar, bizi sağ-salamat ünvana çatdır, daha sənə asi düşməyəcəm. Amma sürücü sakitləşmək bilmirdi:
- Mən 30 manat verib o şüşəni düzəltdirməliyəm. Sən kimsən ki...
İstədim, ona 30 manat verəm, ardınca da deyəm ki, xahiş edirəm, gülün, sizin kefiniz, bizim də ürəyimiz yerinə gəlsin. Üzünüzü təbəssümə həsrət qoymayın. Niyə bu qədər qəzəblisiniz? Başa düşürəm, hava istidir, bəlkə evinizdə, ailədə problemləriniz var, amma vallah, bizim heç bir günahımız yoxdur...
Allahın birliyinə şükür, sağ-salamat Lökbatana çatdıq, elə maşından düşüb yolu keçmək istəyirdim ki, qız yenə əllərimdən bərk-bərk tutub dedi:
- Səndən bir söz soruşum, amma səmimi cavab ver.
- Buyur, əzizim.
- O sürücüdən niyə elə qorxdun?
Düzü, bu sualla üz-üzə qalacağımı bilirdim və elə ona görə də cavabım çoxdan hazır idi:
- Mən meyxananın yetişdirdiyi adamlardan qorxuram. Ona nə desəm də, xeyri olmayacaqdı, hər şeyi səhv başa düşəcəkdi. Onun beyni, düşüncəsi, təfəkkürü elə formalaşıb ki, mənim kimi adamların onunla dialoq qurması qeyri-mümkündür. Ancaq və ancaq susmaq və mümkün qədər yola vermək lazımdır.
Mənim üçün çox maraqlı idi ki, görəsən, əllərimdən bərk-bərk yapışan xanım dostum da meyxananın yetişdirdiyi adamdırmı? Məsələn, o fikirləşə bilərdi ki, bir taksi sürücüsündən qorxan oğlandan nə kişi olacaq? O, fikirləşə bilərdi ki, sürücünün o cür kobud hərəkətlərindən sonra mən maşından düşməli, onun boğazından yapışmalı, sifətinə bir kəllə vurmalı idim. Necə ki, əlbəyaxa döyüş ustası Musa Musayev toyda rəqs eləyən arvadı Təranə Qumrala toxunan kişini cırıq-cırıq eləmişdi, mən də o şəkildə sürücünü düz Lökbatana kimi sürüməli, ağız-burnun qana bulamalı, başına da bir çırtma vurub ayrı taksiyə minməliydim.
Amma mən bilirəm ki, nadanlar döyüldükcə güclənirlər. Onlarla mübarizə aparmaq mümkün deyil. Onların beynində sülh, mehribanlıq, insani, sivil münasibətlərdən əsər-əlamət yoxdur. Onlara elə gəlir ki, kişi heç nədən qorxmamalıdır, Musa Musayev kimi qabağına kim çıxdı gözünü yumub qoymalıdır, uzatmalıdır. Fikirləşirlər ki, yaxşı oğlan o taksidə, özü də qızın yanında qabağından yeməzdi. Mənim də çoxlu tanışlarım, dostlarım var, bu hadisəni onlara danışsam, bilirəm, hamısı qayıdacaq ki, maşının nömrəsini niyə götürmürdün, gedib o oğlanı sındırardıq...
Bu cür düşünsəydi, xanım dostum da meyxananın yetişdirdiyi adam olardı, amma o, boynumu qucaqlayıb dedi:
- Ay da, sən necə güclü adamsan.