Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu Azərbaycan Respublikasının Bayraq gününə həsr edilmiş beynəlxalq intellektual festival keçirəcək.
“Atəşgah” İntellektual Oyunlar Klubundan Oxu.Az-a verilən məlumata görə, Azərbaycan İntellektual Oyunlar Federasiyası ilə birgə dekabrın 1-2-də Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunacaq festivalda 25 komandanın iştirakı planlaşdırılır.
Festival çərçivəsində “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” oyunları, həmçinin “QuAZ” intellektual-əyləncə oyunu üzrə turnirlər keçiriləcək. Redaktor qrupuna Aleksandr Korobeynikov (Saratov), Maksim Merzlyakov (Voronej), Dmitri Borok(Samara) və Dmitri Başuk (Xarkov) daxildir.
Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişli bildirib ki, yarış xarici ölkələrdən olan bilicilərin Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlığı məqsədi daşıyır.
“Azərbaycan bayrağı – 100 il” Azərbaycana həsr olunmuş sayca səkkizinci beynəlxalq intellektual festivaldır. Daha öncə festival Riqa, Sankt-Peterburq, Minsk, Vilnüs, Kalininqrad, Kiyev və Praqada keçirilib.
