Bu gün “Hellouin” bayramı münasibətilə şən ab-hava hökm sürür, analar övladlarına “zəng et, bibingilin də bayramını təbrik et” deyir.
Bu bayramda günlər öncədən evlər təmizlənir, həyət-baca gül-çiçəyə qərq olur yazaraq sizi aldatmış olacam. Amma belə bir fikrim yoxdur.
Məlum, hazırda sosial şəbəkələrdə “Milli “Hellouin” Qırğını” yaşanır. Bayramı qeyd edən kim, qeyd edənləri qınayan kimi, qınayanları daşa tutan kim. Bir sözlə, işlər “fırıqdır”.
İndi bilməyənlərə “Hellouin” barədə bir az məlumat verim. Deməli, “Hellouin” hər il 31 oktyabr günü qeyd edilən bayramdır. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək, qapı-qapı gəzib şəkər və pul toplayır.
“Hellouin” bayramı zamanı eyni zamanda maskalı şənliklər, qorxulu film seansları və lənətli olduğuna inanılan evlərə səyahətlər də təşkil olunur.
Amerika mədəniyyətinin təsiri ilə qərb ölkələrinə yayılan bayramın əsas simvolu isə bəzən yeməyə nifrət etdiyimiz, əslində isə bir çox xəstəliklərin dərmanı olan, rayon yerlərində evimizin sakininə çevrilib, aylarla bişirilməyi gözləyən balqabaqdır.
Mühafizəkar xristianlar iddia edir ki, bu bayramı qeyd etmək düzgün deyil, elə bizim mühafizəkar müsəlmanlar da.
Bayram haqqında qısa məlumat verdiyimə görə, yazımın məğzinə qayıda bilərəm.
Bəzi nüansları götürsək, mahiyyətcə Novruz Bayramına yaxınlığı olan “Hellouin”i qeyd etmək, yaxud etməmək problem deyil. Yəni, hər iki halda heç nə dəyişməyəcək. Yaxud “Əxlaqsız Avropa” bu bayram vasitəsilə Milli mənəvi və “bədəni” dəyərlərimizə ziyan verməyəcək.
Düzdü, bizim fikri özündən yaşca “böyük” olan böyüklərimiz və bəzi əli təsbehli, “Hellouin” obrazlarını xatırladan darbalaqlı, tatulu “qaqa”larımız bu əyləncəni düzgün saymır.

Amma nə fayda? Saymır? Allah canlarını sağ eləsin, bəyəm onları sayan var? Hərə öz keyfindədir. Sözsüz ki, bu, belə də olmalıdır.
Yetərincə, qaraqabaq, bədbin, yorğun, bezgin, üzgün insanların içərisində nikbinlik axtarıb, əylənmək, “Hellouin” qeyd etmək ayıbdır?
İmkan verin kim nə istəyir olsun. Biri ayı, biri balqabaq, biri də meymun.
Əsas odur bəzi irad tutanlar kimi başınızda beyin əvəzinə balqabaq daşımayıb, içib meymunluq etməyəsiniz. Toyda “Xatuba” oynayıb, özünüzü də ayı kimi aparmayasınız.
Bir az pozitiv olmaqdan heç kimə ziyan gəlməz.
P.S: Bənzətmələrimə görə, meymun və ayıdan üzr istəyirəm, elə balqabaqdan da...
Pərviz Hüseyn
www.oxu.az