Bakıda taxta satışı ilə məşğul olan bazarda baş verən güclü yanğın söndürülüb. Anspress-in məlumtına görə, səhər saat 8 radələrində başlayan yanğın, saat 15 radələrində söndürülüb.
Oxu.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumta görə, bu gün xəstəxananın Toksikologiya şöbəsinə, yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicləri - 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyev yerləşdiriliblər.
Xəstəxanaya yerləşdirilən FHN-in xilasedicilərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Digər iki şəxsin isə müalicələri xəstəxana şəraitində davam etdirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Səhiyyə Nazirliyinin tibbi personalı işləyib.
Yanğın nəticəsində bazara külli miqdarda ziyan dəyib.
14:35
Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhər 8:30-da başlamış yanğınla bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.
Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə aparılıb.
Yanğın hazırda davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.
11:00
Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə FHN-in qüvvə və vasitələri cəlb olunub.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.