Səma Abiyeva yazır...
Bu, sizinlə söhbətləşdiyim ikinci yazıdır. Bax, əvvəldən deyirəm, yenə eyiblərimizdən danışacam. Məni qınamayın! Düzdür, yaranan imkandan istifadə edib bizi qınasam da.
“Qınayıram” dedim, amma özümün də uşaqlıq illərinin bir travmatik səhifəsindən danışacam, hamınız, yəqin ki, “bizdə də elə olub” düşünərək gülümsəyəcəksiniz.
Yadınızdadırmı, evlərimizin bir başından bu başına uzanan, hamımızın “stenka” dediyi mebellər? O acığım gələn mebellər bizə nələrin bahasına başa gəlirdi?! Eni 3 metr, uzunu 6, 5 metr olan otaqlarımızda tərpənməyə yer tapmırdıq. Oynamağa, qaçmağa, hətta qonaq gələndə stol ətrafına stul düzməyə də yer tapmırdıq.
Göz bəbəyi kimi qoruyurduq o mebelləri. “HUUUUH” deyə nəfəsimizin parı ilə silirdik ləkələrini. Niyə? Çünki o mebelləri babalarımız sovetin pulu ilə 5 min, 6 min manat pul yığaraq analarımıza cehiz almışdılar. Bu servantların, “stenka”ların içi dolu olurdu bahalı qablarla. Nə bilim “bagema”, “madonna”, “primadonna”. Hə, bu qablar isə yalnız bəzək üçün idi. Bu qablar o qədər baha idi ki, nə özümüz yemək yeyəndə istifadə edə bilirdik, nə də gələn qonaqlar. Ancaq baxıb tamaşa etmək üçün idilər.
Bir az böyüdük, işin içinə təmizlik əziyyəti də qatıldı. Of! Üç aydan bir şampunlu su dolu vannada əllərimiz əsə-əsə yuyub, yaxalayıb, silib, qurudub, yığırdıq yerinə. Vay o hala ki, kimsə nəyisə sındıra. Evə qan düşürdü.
Sonra nə oldu?
Heç nə, böyüdük, özümüz də bir evin xanımı olduq. Amma əvvəlcə cehiz üçün analarımızın da mebellərindən iri, göstərişli “qorka”ları, güzgülü komodları almaq üçün kredit almağa sənədlər toplayırdıq, banka gedirdik, bir də mebel mağazalarına.
“Uf! Rəngi mən deyən deyil, bəzəyi zərsizdir, lepkası azdır” deyib ağlayanlarımız da olub aramızda. Atalarımız isə bizi nə qədər çox sevdiklərini göstərmək üçün daha iri, daha göstərişli mebel almağa çalışırdılar. Həmişəki kimi. Axı biz həmişə sevgimizi əşyaların daha bahalı və daha böyük olması ilə sübut edirik.
Bütün bu hadisələri keçmiş zamanda yazıram, amma sevinməyin! Yəni bu o demək deyil ki, indi belə deyil. Hələ də gənclərin və ya ataların toydan sonra kredit ödəmək dərdi var. Mebellərdən düzələn labirint kimi otaqlarda yaşamaq, uşaqlarımızın ora-bura qaçanda başı dəyib göyərmək, tələsib harasa gedəndə ayağın baş barmağını mebelin tininə vurub “nokaut”a düşmək, o qabları yumağa, mebelləri cızıqdan qorumaq üçün ömür xərcləmək kimi dərdimiz var. “Gəlinin mebeli isbatlı deyil!” eşidib gözükölgəli, ağlar gəlinlərimiz var.
Deməyin mənə ki, “neyləyə bilərik, biz belə görmüşük, belə də edirik”. Babalarımız at sürüb. Biz indi işə atla gedirik? Atalarımız televizoru yumruqla idarə edib, biz pult tanımırıq? Bəli, bir zamanlar insanlar qab-qacaqlarını divarda oyulan rəflərdə saxlayırdılar, qonaq gələndə gecələməsi üçün min cür çarpayı olmadığından tavana çatan yorğan-döşəkdən yük yerləri var idi, paltarlar saxlanılan sandıqlar var idi.
Axı biz əşyalarımızın daha optimal saxlanması üçün istifadə etdiyimiz yerləri niyə sonra o qədər böyütdük? Məsələni əsas məğzindən çıxarıb, yuvarlayıb, göstərişə, bəhsəbəhsə çevirdik? Niyə bəhsəbəhs üçün özümüzü xəstə saldıq?
İnsanlar özlərinə “niyə” və “necə” suallarını verməyəndə ortaya bu cür mənzərə çıxır.
Gəlin, lap primitiv danışaq. Mebel insana niyə lazımdır?
- Hmmm, əşyalarımı yığmağa, daha dəqiq desək, paltarlarımı, kitablarımı, qonaqlar gələndə süfrə üçün bəzi qabları yığmağa. Bəs bu Eyfel boyda “qorka”nı niyə alıram? Xərc çəkib içində heç vaxt yemək yeməyəcəyim bu qabları niyə alıram? Axı komfortuma qulluq edəcək əşyalar əvəzinə diskomfort yaşamağıma səbəb olacaq bu artıq mebeli niyə alıram? Bu təmtəraqlı, giqant mebeli real həyatda necə və nə üçün istifadə edəcəm? Balaca evimin böyük mebeli ilə nəyi sübut edirəm? Niyə varlı, geniş zalları olan ev sahibinin həyatını imitasiya edirəm?
Yaxşı, bu sualları vermədik tutaq ki. Bəs onda “necə alacam?” sualını niyə özümüzə vermirik? Veririk. Qarşılığında “kreditlə” deyə cavab da alırıq. Onda yenə də “niyə” sualı vermirik.
Axıııııı niyəəəə?
Çünki bizim bəzilərimizin dəyərləri və bacarıqları ya formalaşmayıb, ya da səhv formalaşıb. Biz qonşudan daha üstün, daha imkanlı, daha zövqlü, daha, daha, daha.... olmaq üçün bu zülmə qatlaşırıq. Otağımız balacadır, evimiz balacadır, “zato” mebelimiz yekədir. Bir dəfə alacağıq, alırıqsa, daha yekəsini alaq. Bizim də olacaq. Varlı olmasaq da, varlı görünəcəyik.
Bütün bu səhnədə heç kim də çıxıb demir ki, “bu, nə zülümdür, çəkirsiniz?” Çünki bunu deyəcək adamlar da bu zülümdədirlər.
Dünən oynamağa yer tapmayan qızlar, deyinə-deyinə “madonna”ları yuyan qızlar, böyüyüb özləri eyni ənənəni şəstlə davam etdirirlər. “Birdən divardan iki rəf asıb, üstünə bir güldan, bir vaza, bir şamdan qoysam, mənə deyərlər kasıbsan” qorxusu müasir qızlarda da yaşanır.
Uşaqlıqda nə görmüşük, onu təkrarlayırıq. Mebel haqqında təsəvvürlərimiz belə olub, belə də edirik. Alternativ düşünmək qabiliyyətimiz uşaqlıqda boğulub. Ağzımız açılanda “sən allah, özündən Amerika çıxarma!” deməklə, “başqa variantlar da var” deyə düşünməyə risk etməmişik.
“Mən bu zəhrimara qalmış, gündəlik məişət həyatımı da zəhrimara çevirəcək o “qorka”nı, o “stenka”nı istəmirəm” deyə bilməmişik. Demək nədir? Heç düşünməmişik. Biz də atamız bizə daha böyük, daha sanballı, yüz cür mebel çeşidləri olan taxta-tarabanı alanda özümüzü valideyni tərəfindən daha çox sevilən, qayınanası tərəfindən daha hörmət edilən, rəfiqələri, qonşuları arasında daha çox qürurlanan hiss etmişik.
Dəyərlərimiz bu adda formalaşdırılıb, bacarıqlarımız bu yöndə inkişaf etdirilib. Birimiz o birimizdən üstün olmaq üçün kreditə belə girmişik, təriflənmək üçün bunu etmişik.
İnsanın üstün olmaq istəyi, qürur duyğusu normaldır, anlaşılandır. Belə də olmalıdır. Amma qürurlanmaq üçün uşaqlıqda bizə dəyərləri və bacarıqları düzgün öyrətməlidirlər. “Qızım, bax, sənin gəlinciyin daha böyükdür, bax, ata sənə necə gəlincik alıb?!” deməkdənsə, “Afərin sənə, qızım, necə səliqəli saxlayırsan oyuncağını, sındırmadan. Afərin, necə maraqlı oyun qurmusan bu oyuncaqla. Afərin, qızım, nə yaxşı başqası ilə bölüşə bilirsən oyuncağını, nə gözəl ürəyin var sənin?” desək, mənzərə başqa cür olacaq.
Qızlarımıza sevincin, sevginin maddiyyatda yox, maddiyyatla nələr yaratmaq olar, hansı çətinləri asan etmək olar, onu aşılamaq lazımdır. Qızlarımıza kreditlə mebel almaqdansa o pula evlənib həyat yoldaşı ilə səyahət edib xatirə qazanmağa, dünyanı tanıdıqca alternativ düşünməyə və daha çox “niyə, necə” sualları verməsi üçün yeniləri görməyə xərcləmək olar.
Nəsə qurmaq istəyir, arzusu var, amma pulu çatmır, yaratmaq istəyir, yarada bilmir, az olan fantaziyasını artırmaq üçün oxumasına xərcləmək olar. Bununla pulun həyəcana, sevgiyə, köməyə çevrildiyini görmək, göstərmək də olacaq.
Ola bilər, bu son cümlələrim pafoslu olsun. Amma daha çox yazardım. “Bizə ağıl öyrətmə!” deyənlər də olacaq, “psevdo Don Kixotdur” deyənlər də ola bilər.
Nə desəniz də, əlimə düşən imkanla nəyisə dəyişməyə çalışacam. Ən azından gəlin köçərkən o mebelləri almadığım kimi, qızıma da gəlin olanda almayacam. Qınayanların da “WhatsApp”ına bu yazımı göndərəcəm.