Hazırda yeddi nəfərin qazdan zəhərlənərək öldüyü evdə polis və xilasedicilər işləyir.
Oxu.Az “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə, Ketevan Tsamebuli prospektində yeddi nəfərin qazdan zəhərlənərək ölməsini təsdiq edib.
Bədbəxt hadisə Ketevan Tsamebuli 67 ünvanında yerləşən çoxmənzilli binada baş verib. İlkin məlumatlara görə ölənlərin hamısı fəhlə olub və onlar bu mənzildə kirayə qalırmışlar.
“Tbilisidə, Ketevan Tsamebuli prospektinə qazdan zəhərlənmə faktı üzrə polis patrulu işləyir, xilasedici xidmət hadisə yerinə cəlb olunub. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir”, - deyə məlumatda bildirilir.
Ölüm səbəbinin dəm qazından zəhərlənmə olduğunu jurnalistlərə Səhiyyə Nazirliyinin rəhbəri David Sergeyenko söyləyib.
Təhlükəsizlik səbəbindən faciənin baş verdiyi evə qazın verilməsi dayandırılıb.
Tbilisinin yaşayış binalarında artıq neçə illərdir ki, mərkəzləşdirilmiş isitmə sistemi mövcud deyil və əhali müxtəlif elektrik və qaz cihazlarından istifadə edərək evləri qızdırır. Əksər hallarda bu avadanlıqlar keyfiyyətsiz olur, belə ki, aztəminatlı əhali böyük xərclər çəkmək imkanına malik olmur.