Təcili yardım maşını ilə xəstəxanaya aparılan şəxs məhkəməlik olub.
"Qaynarinfo"nun məlumatına görə, hadisə Daşkəsən rayonunda baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Tural qabırğasında ağrılar olduğuna görə "103" xidmətinə zəng edərək, Daşkəsən rayonundan təcili tibbi yardım maşını ilə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına aparılmasını xahiş edib. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşınının sürücüsü Arif Bayraməliyev və tibb bacısı Aynurə Hüseynova onu qeyd edilən ünvandan götürərək, Gəncəyə yola düşüblər.
Yolda Tural ağrılarının çox olmasını əsas gətirərək təcili yardım maşınının sürücüsündən avtomobili sürətli sürməyi xahiş edib. Lakin sürücü onun xahişini yerinə yetirməkdən imtina edib. Bu səbəbdən Tural avtomobil hərəkətdə olan zaman şüşələrini yumruqlamağa, sürücü və tibb bacısını söyməyə başlayıb.
Sürücü xəstənin hərəkətlərinə görə geriyə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına qayıtmalı olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.
Tural barəsində müayinələrdən sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 70 manat məbləğində inzibati cərimə edilib.
Rəylər