Hazırda Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə yaxındır.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, ölkədə qadınların təhsil alması məsələsində heç bir məhdudiyyət və yaxud ayrı-seçkilik mövcud deyil. Azərbaycanın təhsil sahəsində inkişaf strategiyası tarixə və kontekstual mühitə uyğun ölçülür.
“Son illərdə Azərbaycanda təhsil sahəsiinə ayrılan vəsaitlərin həcmi artırılır. Bu vəsaitlər həm maddi-texniki bazanın gücləndirilməsinə, həm də təhsil sahəsində çalışan insanların gəlir səviyyəsinin artırılmasına yönəlib. Bu məqsədlə atılan addımlardan biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə Dövlət Proqramı”nın yaradılmasıdır. Bu proqram çərçivəsində istedadlı Azərbaycan gəncləri dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alaraq ölkəmizin davamlı inkişafına töhfələrini verirlər.
Təhsil dövlətçiliyin, milli iqtisadiyyat və təhlükəsizliyin təminatında oynadığı rol inkar edilməzdir. Məhz bu səbəbdən təhsil sistemi üzərinə böyük məsuliyyət düşür. Təhsil sistemi bacardığı səviyyədə mütəxəssisləri deyil, tələb olunan səviyyədə mütəxəssislər hazırlamalıdır. Tədris proqramlarının hazırlanmasında tədrisin nəticələri əsas meyar kimi götürülməlidir. Əvvəllər pulsuz və hərtərəfli təhsil sisteminə malik Sovet İttifaqının bir hissəsi olmuş Azərbaycan qarşısında duran təhsil problemləri “üçüncü dünya”nın inkişaf edən ölkələri qarşısında dayanan təhsil problemlərindən bir qədər fərqlənir” – deyə, nazir bildirib.