Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daha bir universitetin tələbələrinə güzəştli kartların verilməsinə başlanıldı
Sabahdan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "TələbəPlus" kartlarının verilməsinə başlanılacaq.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq ADPU-dan bildirilib.
Qeyd edilib ki, proses Təhsilin İnkişafı Fondu və "Kapital Bank"la birgə sistemli şəkildə icra olunur:
"Pedaqoji Universitet tələbələrə bu kartlardan verən ilk ali təhsil müəssisələrindəndir. Qeyd edək ki, vahid tələbə kartı - "TələbəPlus"la bağlı Təhsilin İnkişafı Fondu ilə ilk müqaviləni də məhz ADPU bağlayıb".
Xatırladaq ki, bu gün Bakı Dövlət Universitetində də tələbə kartlarının verilməsinə başlanılıb.
Bakı Dövlət Universitetində (BDU) "TələbəPlus" kartlarının təqdimetmə mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.
BDU-nun rektoru Elçin Babayev tədbirdə qeyd edib ki, Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihə gənclərin təhsil həyatında önəmli rol oynayacaq:
"Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. "TələbəPlus" kartlarının verilməsi də bu uğurlu layihələrdən biridir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər".
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov "TələbəPlus" kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O bildirib ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:
"Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər".
Fondun İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, indiyədək 200-dən artıq şirkətdə - pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər "TələbəPlus"a qoşulacaq.
Tədbirin sonunda qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya qəbul olan 14 I kurs tələbəsinə "TələbəPlus" kartı təqdim olunub.
Rəylər