Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Tələbələri qızılca virusuna yoluxan ADPU Cəlilabad filialı: “Dərslər əvvəlki qaydada davam edir” - YENİLƏNİB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında dərslər əvvəlki qaydada davam etdirilir.
Bu barədə “Report”un yerli bürosuna filialdan məlumat verilib.
Qeyd olunub ki, filialda bu tədris ilində cəmi üç nəfərdə qızılca xəstəliyinə yoluxma halı aşkarlanıb. Həmin tələbələr bu xəstəliyə təhsil ocağından kənarda yoluxublar.
Həmçinin vurğulanıb ki, universitet tam dezinfeksiya olunub və dərslər əvvəlki qaydada davam edir.
15:55
Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıblar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Pasiyentlər ilkin tibbi yardım göstərilərək izolyasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Xatırladaq ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.
Qeyd edək ki, Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölüm faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
13:22
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.
APA-nın məlumatına görə, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb. Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.
Tələbələr, xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.
Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.
Rəylər