Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilir.
Oxu.Az-ın xəbərinə görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, operatorların və provayderlərin vəzifələri konkretləşdirilir.
Sənədə əsasən, telekommunikasiya xidmətlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun fəaliyyət göstərəcək.
Mövcud qanunvericiliyə görə, telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərirlər.
Qeyd olunan müddəada işlədilən "standart, norma və qaydalar" və "telekommunikasiya xidmətlərinin standartları" ifadələri telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermədiyi halda, ondan fərqli olaraq "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.
"Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret keyfiyyət göstəricilərini müəyyən edir və bu göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyarları ehtiva etməklə operator və provayderlərin fəaliyyətinə münasibətdə məcburi tələblər kimi çıxış edir.
Təklif olunan dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsinə və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına xidmət edir.