Xalq artisti, teatr və kino sahəsinin unudulmaz siması Telman Adıgözəlovun 60 illik yubileyidir.
Oxu.Az xəbər verir ki, sevimli aktyorumuz 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub.
1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.
Bunlardan C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuranı”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmiri, “Mahnı dağlarda qaldı”da Rəhmanı, Şekspirin Maqbet”də Flinsi, M. İbrahimovun “Közərən ocaqlar”ında Xanəhmədi, H.Cavidin “İblis”ində Şeypurçunu, S.Vurğunun “Vaqif”ində Təlxəyi, S.Rəhmanın “Nişanlı qız”ında Çeşməkli kişini, E.Baxışın “Qədr gecəsi”ində Oyunbazı, Elçinin “Ah Paris…Paris!..”də Əhmədi, “Mənim sevimli dəlim”də Professoru, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər”ində Qumarbaz kimi obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.
Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib.
Allah rəhmət eləsin.