Dərman vasitələrinin effektivliyi və təhlükəsizliyinin öyrənilməsi prosesi mürəkkəbdir. Vaksinlər zamanı isə bu proses daha çox çətin olur.
Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.
O bildirib ki, bu proses xüsusilə peyvəndlər üzərində daha çətindir:
“Peyvəndlər sağlam insana vurulur. Onun gələcəkdə yoluxub-yoluxmaması da bilinmir. Odur ki, peyvənddən sonra insan orqanizmində hər hansı fəsadın yaranması qısa müddətdə yayıla və narahatlıq yarada bilər. Ona görə də vaksinlər də daha diqqətli olmaq lazımdır. Vaksinlər bir neçə fazada yoxlanılır və insanlar üzərində istifadəsinə icazə verildikdən sonra tətbiqi mümkün olur.
Bu gün əminliklə deyə bilərik ki, pandemiya - müharibədir. Belə bir halda vaksinlərə fövqəladə hal kimi icazə verilməsi 100 minlərlə insanın həyatını xilas etdi. Bu gün vaksinasiya edilən insanlarla vaksinsiz insanlar arasında yoluxma nisbətinə baxsaq fərqi görərik. Vaksinasiya olunan şəxslər arasında virusa yoluxma və ölüm halları çox azdır. Vaksinlərin kütləvi istifadəsi zamanı ciddi, arzuolunmaz fəsadlara rast gəlinməyib”.
Könül Cəfərli