Kubra Məhərrəmova yazır...
Kabildə xidmət aparan azərbaycanlı sülhməramlılar uşaqları tikanlı məftillərin üstündən əfqan valideynlərindən alanda göz yaşlarımı saxlaya bilmədim. Bir tərəfdən insanlıq, mərhəmət, qayğı təcəssüm etdirən bizim əsgər, digər tərəfdən ümidsizliyin tam dibində olan ananın övladını xilas etmək arzusu.
Dəhşətdir... Bir xalqın, cəmiyyətin nəinki sabaha heç iki dəqiqə sonraya ümidi olmaması onu ən ağlabatmaz addımlar atmağa vadar edir.
Təyyarənin qanadında uçub getmək istəyi bizə nə qədər absurd gəlsə də, o ümidsizliyin içində bəlkə də bu addım ən işıqlı və real görünür.
Zaman hər şeyi yerinə qoyur deyirlər. Amma nəsə Əfqanıstan üçün zaman keçdikcə vəziyyət daha da korlanır. Bugünkü xəbər isə yəqin əfqan xalqını daha böyük məyusluğa uğradacaq. Xəbər isə ondan ibarətdir ki, İngiltərə Kabildə heyvan sığınacağında olan pişik və itlərini də təxliyə edəcək.
Bu barədə İngiltərənin Müdafiə naziri Ben Uallase qərar verib. Qərara əsasən, heyvan sığınacağında təxminən 200 pişik və it bölgəyə göndərilən təyyarə vasitəsilə təxliyə ediləcək.
İnsanlar və heyvan hüquqlarını müdafiə edənlər hökümətin bu addımını alqışlayıblar.
Və burada bir sürrealizm meydana çxır. İnternetdəki məlumata əsasən, bu gün Əfqanıstanda 40 milyona yaxın əhali yaşayır. Və bu 40 milyonun əksəriyyəti aclıq, səfalət içində ömür sürür. Statistikaya görə, Əfqanıstanda bir yaşdan kiçik olan hər min uşaqdan 91-i müxtəlif səbəblərdən dünyasını dəyişir. Bütün bu çətinliklərə baxmayaraq, hər əfqan qadını orta hesabla 6 uşaq dünyaya gətirir.
Təhsilsiz, cahil olmaq bu boyda qaranlığa gətirib çıxara bilər ancaq. Özün bataqlıqda boğul və özündən sonrakı nəsli də bu bataqlıqda boğulamağa məhkum elə...
Digər tərəfdən isə öz vətəndaşını qorumaq üçün ən yaxşı xüsusi təyinatlılarını Əfqanstana göndərən Almaniyanı görürük.
Welt xəbər verir ki, Almaniya vətəndaşlarını Kabildən təxliyyə etmək üçün hərbi əməliyyat keçirir. Müxtəlif səbəblərdən Kabildəki hava limanına çata bilməyən alman vətəndaşlarına helikopterlə xüsusi təyinatlılar yardım edəcək.
Bu təxliyyə üçün xüsusi təyinatlılar hətta zirehli maşınlardan istifadə etməyi də düşünüblər, hərbi rəhbərlik bu fikri çox təhlükəli hesab etdiyi üçün icazə verməyib. Lakin buna ehtiyac olduğu halda zirehli texnikanı da işə salacaqları barədə məlumat veriblər. Bir ölkə öz vətəndaşı üçün bütün gücünü ortaya qoyur.
Yenə də ağlımdan 200 pişik və it çıxmır...
O cəhənnəmdən qurtulmaq üçün bəlkə də çoxu bu an it, ya pişik olmaq istəyərdi. Böyük xala və əmilərin qayğısı altında böyük təyyarəyə minib işıqlı dünyaya getmək. Orada Avropa standartlarına uyğun sığınacaqlarda yaşamaq. Gündə üç dəfə yemək, bomba və güllələrin səsi olmadan sakit yuxuya getmək...
Mən nağıllara inanmıram və düşünürüm ki, bir cəmiyyət ancaq o halda düzələcək ki, özü bunu istəsin. Əks halda heç bir ABŞ “demokratiyası”, heç bir Avropadan gələn “söz azadlığı” cahil cəmiyyətə sirayət edə bilməyəcək. Ola bilsin, bir-iki fərd yüksək düşüncə və intellekti nəticəsində “Çərpələngi uçura” bilsin azad səmalara, amma cəmiyyət yenə də bataqlıq içində qalacaq.
Ümid edirəm ki, bir gün 40 milyonluq əfqan xalqının da bəsirət gözü açılacaq. Xilas yolunun təhsildə olduğunu anlayacaqlar. Və dostum demişkən, ümid edirəm bir gün Əfqanıstan da insanların təyyarə qanadında uçub qaçmaq istədiyi yox, yaşamaq istədiyi yer olacaq.
Vacib qeyd, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Tezliklə Vətənə qayıdacaqları planlaşdırılır.