Noyabrın 7-də Kanada Azərbaycanlıları Şəbəkəsi və Azərbaycan Qadınlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə Toronto şəhərində bayram tədbiri təşkil edilmişdir.
Tədbirdə ötən ilin sentyabrın 27-də başlamış və noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsində igid Azərbaycan ordusunun qəhrəmanlığından danışılmış və müharibədə canını fəda etmiş şəhidlərin əziz xatirəsi yad edilmişdir. Toplantıda Torontoda yaşayan Azərbaycan icmasının nümayəndələri, Kanadadakı Azərbaycan səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab V.Abutalıbov, Türkyənin Torontodakı Baş Konsulu xanım Sinem Mingen, Türkiyənin Torontodakı icmasının rəhbərləri iştirak etmişlər. Qonaqlar Zəfər bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmişlər.
Tədbir Azərbaycan xalq və bəstəkar musiqilərindən ibarət konsert proqramı ilə başa çatmışdır.
Noyabrın 8-də, Zəfər günü münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Şimali Amerikanın ən böyük şəlaləsi olan Niaqara Şəlaləsi üzərində Azərbaycan bayrağının rənglərinin proyeksiyası təşkil edilmişdir. Kanada Azərbaycan icmasının nümayəndələri Niaqara şəhərində açıq havada bayram şənliyi keçirərək Zəfər gününü qeyd etmişlər.