Kanadalı pop ifaçısı "The Weeknd" kişi müğənnilər arasında konsert turundan əldə olunan gəlirə görə yeni dünya rekordu müəyyən edib. Onun "After Hours Til Dawn" turu bu kateqoriyada ən çox gəlir gətirən konsert turu olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertlərin təşkili ilə məşğul olan "Live Nation" şirkətinə istinadən məlumat yayıb.
Bildirilib ki, turun ümumi gəliri 1,3 milyard dolları keçib. Bununla da "The Weeknd" bu göstəriciyə görə Elton Conu geridə qoyub. Britaniyalı musiqiçinin "Farewell Yellow Brick Road" vida turu 939 milyon dollar gəlir gətirmişdi.
Bütün dövrlərin ən çox gəlir gətirən konsert turları siyahısında "After Hours Til Dawn" üçüncü yeri tutub. Bu göstəriciyə görə "The Weeknd" yalnız Teylor Sviftdən və "Coldplay" qrupundan geri qalır.
Qeyd edək ki, tur 2022-ci ilin iyulunda başlayıb və 2026-cı il noyabrın 5-də Kuala-Lumpurda keçirilən konsertlə başa çatıb. Dörd il ərzində sənətçi beş qitənin 30 ölkəsində yerləşən 67 şəhərdə ümumilikdə 176 konsert verib. Konsertlərə 9 milyondan çox tamaşaçı bilet alıb.
Turun son ilində də yüksək nəticə qeydə alınıb: təkcə 2026-cı ildə konsertlərdən əldə olunan gəlir 500 milyon dolları keçib.