Bakıda toy məclisindən qayıdan sürücü qəza törədib.
Oxu.Az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Xəstəxanasının qarşısında qeydə alınıb.
Hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Porsche” markalı nəqliyyat vasitəsi əvvəlcə yolun əks istiqamətinə keçib. Daha sonra isə avtomobil yol kənarındakı bardürlərə dəyərək dayanıb.
Qəzadan sonra avtomobilin sürücüsü maşını hadisə yerində qoyaraq oradan uzaqlaşıb.
Hadisə yerinə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Nəqliyyat vasitəsi hadisə yerinə çağırılan evakuator vasitəsi ilə hadisə yerindən götürülərək cərimə meydançasına aparılıb.
İlkin ehtimala görə, qəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarəetməsi səbəbindən qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, “Porsche”nin sükanı arxasında oturan şəxs qəza zamanı sərxoş vəziyyətdə olub. Qəzanın səbəbləri və sürücünün kimliyi araşdırmalardan sonra məlum olacaq.
E.Ə.
www.oxu.az