65% heç bir peşə təhsili olmayan gənc əmək bazarına gedib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə Bakı şəhəri üzrə keçirilən qəbul imtahanlarının zona müşavirəsi zamanı deyib.
Onun bildirdiyinə görə, heç bir təhsili olmayan gənclər əmək bazarına daxil olur ki, bu da çox təhlükəli bir haldır.
M.Abbaszadə oğlanların təhsil almağa meylinin az olduğu bölgələri də açıqlayıb. Onun sözlərinə görə Zaqatala və Balakən rayonlarında oğlanların təhsil almağa meyli çox aşağıdır. TQDK sədri bölgələr üzrə qəbul imtahanlarında iştirak edənlərin sayının 55-50 faiz arasında dəyişdiyini söyləyib.
O, həmçinin idmançıların da aşağı balla universitetlərə daxil olduğunu vurğulayıb:
“İdmançılar da kifayət qədər təfəkkürlü bir insan olsun ki, idmanda olan müvəffəqiyyətlərini artıra bilsinlər. İdmançılar çox az balla universitetə qəbul olurlar”.
M.Abbaszadə dövlət sifarişli yerlərdə təhsil almaq istəyənlər üçün müvafiq qrupu da açıqlayıb. Onun sözlərinə görə, üçüncü ixtisas qrupunda dövlət sifarişli yerlərə qəbul olmaq üçün beş yüz bal toplamaq lazımdır:
“Valideynlər bunu nəzərə almalıdırlar. Birinci qrup dövlət sifarişli yerlərə qəbul olmaq üçün münasibdir”.