"Bu gün keçirilən Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VII iclasında konkret təkliflər irəli sürdük. Bu təkliflər üzv dövlətlərinin gündəmə gətirdiyi məsələlərdir. Bu təkliflər sırasında ilk olaraq Türk Dövlətlərinə üzv olan ölkələrin akademik məlumat bazasının yaradılmasıdır. Bu təklif ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva edir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, beləliklə üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər:
"İkinci olaraq, universitetlərin uyğunlaşdırma və tanınma prosedurları ilə məşğul olacaq ortaq bir qurumun yaradılması təklif edilib. Türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Bu problemləri həll edəcək bir qurumun yaradılmasını fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil edən nümayəndələr bu fikri müsbət qarşıladılar".
O qeyd edib ki, Türk dövlətləri təşkilatına üzv olan dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması vacibdir:
"Biz də türk dövlətləri olaraq keyfiyyət təminatının ümumi standartlarını müəyyən etməliyik. Bu təkliflərin həyata keçirilməsi üçün komissiyalar yaradılacaq və komissiyanın son rəyi ölkə rəhbərliklərinə aidiyyəti üzrə təqdim ediləcək".
Könül Cəfərli