Türkiyənin Ərciyəz Universitetində Şərq dilləri və ədəbiyyatı bölməsinin təşkilatçılığı ilə “Erməni yalanı” adlı rəsm sərgisi və panel keçirilib. Bölmənin erməni dili və ədəbiyyatı müəllimi Əsli Əliyeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd qondarma “erməni soyqırımı”na qarşı çıxmaqdır.
Oxu.Az xəbər verir ki, tədbirdə Ərciyəz Universitetinin rektor müavini professor Dr. Həsən Yetim, universitet müəllimləri və tələbələr iştirak edib. Qondarma “erməni soyqırımı”na təpki olaraq rəsm sərgisini təşkil etdiklərini bildirən Əsli Əliyeva deyib ki, ermənilər yüz illərdir siyasi güc və eyni mərkəzdən alınan vəsaitlər hesabına türk dünyasına qarşı çirkin bir savaş aparırlar.
“Çox təəssüf ki, ermənilər bu mövzuda kifayət qədər uğur əldə edib. Bu günlərdə Avropa Parlamenti və Roma Papası qondarma “erməni soyqırımı”nı tanıyaraq ermənilərə dəstək veriblər. Demək olar ki, artıq xristian dünyası türkləri günahkar kimi görür. Buna görə də, biz qondarma “erməni soyqırımı”na təpki olaraq Azərbaycan torpağı olan İrəvanın türk tarixini rəsmlərlə sərgilədik və panel təşkil etdik”, - Əsli Əliyeva deyib.
Onun sözlərinə görə, sərgidəki şəkillər sübut edir ki, İrəvan qədim türk şəhəridir.
“Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından bəhs edən bir kitab yazdım. Xocalı dəhşəti ilə üzləşmiş uşaqlarla görüşərək onların yaşantılarını “Güllələnmiş uşaqlıq” kitabına topladım ki, ermənilər törətdikləri qətliam və vəhşiliyi türk millətinin üzərinə atmasın. Biz qondarma “erməni soyqırımı” na qarşı etiraz etmək üçün hər zaman əlimizdən gələni edəcəyik”, - kitabın müəllifi deyib.
Qeyd edək ki, Əsli Əliyevanın 2007-ci ildə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Güllələnmiş uşaqlıq” kitabı bu günlərdə Türkiyədə “Kurşunlanmış çocukluk” adı ilə türk dilində nəşr olunub.