Vəkillər Kollegiyasına (VK) üzv olmaq istəyənlərin şifahi imtahan mərhələsində namizədlərdə hansı keyfiyyətlərə üstünlük verildiyi bəlli olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının İxtisas komissiyasının sədri Turqay Hüseynov jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, ölkədə vəkillik peşəsinə maraq artıb:
"Bugünkü imtahanda ilkin məlumata görə, 409 nəfər iştirak edir. Bu da hüquqşünas ixtisası üzrə illik ali təhsil alan şəxslərin 80 faizinə yaxın hissəsidir. Ölkəmizdə vəkillik peşəsinə maraq artıb. Qeyd etmək lazımdır ki, kollegiyaya üzv olmaq istəyənlər müxtəlif mərhələlərdən keçirlər. Test, şifahi imtahan mərhələsi və təlim prosesi olacaq. Şifahi imtahanlarda namizədlərin peşəyə yararlığını dəyərləndiririk.
Həmçinin, vəkillik peşəsində çalışan şəxslərin məntiqi nəticə çıxarma bacarığı, vəziyyəti qiymətləndirməsi, psixoloji durumu yüksək olmalıdır. Çünki onlar müxtəlif vətəndaş qrupları ilə çalışırlar. Çalışmalıdırlar ki, həm hüquq mədəniyyətinin artırılmasına kömək etsinlər, həm də vətəndaşların etimadını doğrultsunlar".
O, həmçinin xatırladıb ki, qanunvericiliyə edilən son dəyişiklikdən sonra VK-nın İxtisas Komissiyasının üzvləri 11-dən 13-dək, vəkil üzvlərin sayı isə 5-dən 7 nəfərə artırılıb.
Aqil Vəlili