Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tutulan icra başçısının müavini ilə Təhsil Şöbəsinin müdirinin rüşvət əməliyyatları: “Məcbur idim” - VİDEO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Sadıqova rayonda “təhsil biznesi şəbəkəsi” qurubmuş.
Bu barədə Oxu.Az DTX-nin yaydığı əməliyyat çəkilişlərinə istinadən xəbər verir.
Belə ki, sorğu-suala çəkilən icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova məktəb direktorlarından alınan rüşvətin siyahısı barədə məlumat verir.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə qeyd edir ki, müəllimlərdən yığılan 30 min manatı şəxsən İsmayıl Vəliyevə təqdim edib.
O bildirib ki, hər ayın sonunda da 2000 manat rüşvət verib.
“Mən bu pulu əldə etmək üçün məcbur qalıb, hər ay məktəb direktorlarından 50-150 manat arası pul almışam”, - deyə Əjdər Kərimov bildirir.
Ümumiyyətlə, bundan əvvəl də mətbuatda yazılırdı ki, Neftçalanın təhsili bərbad səviyyədədir.
İnternet materiallarında qeyd edilirdi ki, Əjdər Kərimovla Gültəkin Sadıqova rüşvət əməliyyatlarına birlikdə rəhbərlik ediblər.
Məktəb direktorlarının təyin edilməsi, dərs saatlarının bölüşdürülməsinin onların müştərək diktəsinin “bəhrəsi” olduğu bildirilirdi.
Gültəkin Sadıqovanın məktəblərin təmirinə ayrılan pulu da mənimsədiyi haqqında çoxsaylı iddialar mövcuddur.
Onun bu vəzifədə işlədiyi müddətdə Bakı şəhərində iki bina evi, Neftçalada böyük bağ evi, əkin sahələri və sair mülklərə sahib olduğu da yazılırdı.
Gültəkin Sadıqovanın uşaq bağçalarına ayrılan vəsaiti də mənimsədiyi, bunun nəticəsində uşaq bağçalarında bərbad vəziyyətin hökm sürdüyü də iddia olunurdu.
Müavin Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 61 saylı Neftçala Seçki Dairəsindən namizəd idi.
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.
Prezident İlham Əliyevin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad edilib.
Aqşin Kərimov