Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
Səfər çərçivəsində xarici qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Gəncə-Odessa hava reysinin açılması, təhsil, ticarət və aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Vladislav Krikliyə Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verən şəhər rəhbəri bildirib ki, burada müxtəlif təyinatlı ali təhsil və iri sənaye müəssisələri fəaliyyət göstərirlər. Azərbaycanla Ukraynanın dost ölkə olduğunu qeyd edən Niyazi Bayramov, Gəncə ilə mövcud əlaqələrin daha da genişləndirlməsinin hər iki tərəf üçün geniş imkanlar yaradacağını deyib.
Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliy öz növbəsində görüş iştirakçılarını Vətən Müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və Ukraynanın daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Daha sonra ölkələrimiz arasında mövcud olan və qurulabiləcək əməkdaşlıq əlaqələrindən söz açan nazir, Gəncə ilə Odessa arasında aviareysin açılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə iş aparıldığını bildirib. Söhbət zamanı qeyd olunub ki, Gəncə ilə Ukrayna arasında artıq ticari əməkdaşlıq əlaqələrinin qurulmasına başlanılıb.
Gəncə Şəhər İcra Hakimiyyətində baş tutan görüşdən sonra Ukraynanın İnfrastkruktur naziri Vladislav Krikliyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Ali təhsil müəssisəsi ilə tanışlıqdan sonra onlayn formatda ADAU ilə Odessa Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Daha sonra Gəncədə Ukrayna məhsullarının satışı mağazasının açılışı olub.
Vladislav Krikliy gün ərzində bir sıra iri sənaye müəssisələrinə də baş çəkərək, onların fəaliyyəti ilə yaxından tanış olub.
Rəylər