“İcazə SMS-lərinin 60 faizi daha çox insanların sistemi yoxlamaq istəyinə görə istifadə olunub”.
Oxu.Az-ın məlumatına görə, bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
Onun sözlərinə görə, vətəndaşların yaşayış yerini tərk etməsi ilə bağlı qərarda zəruri hallar konkret kodlarla göstərilib:“O hallara aidiyyəti olmayan mətnlər göndərilir. İnsanlar başa düşməlidirlər ki, onların bu cür SMS-ləri yaşayış yerini tərk etmək üçün zəruri olan digər vətəndaşın sorğusunu gecikdirə bilir. Bu, bir vətəndaşın qeyri-ciddiliyi, digərinin hüququnun pozulmasına gətirib çıxarır.
İnsanlar bilməlidir ki, bu SMS-lər sistemə düşürsə, bunun arxasında monitorinq sistemi dayanır. O şəxsləri dərhal fiksasiya etmək mümkündür. Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarlar karantin rejiminin qaydalarıdır. Bu qaydaları pozan hər bir şəxs qanunvericiliyə uyğun məsuliyyət daşıyır”.
“Onlar, bəlkə, zarafatyana, gülmək, vaxt keçirmək və sistemi yoxlamaq üçün bu cür hərəkətlərə yol verə bilərlər, amma anlamalıdırlar ki, bu, karantin rejiminin pozulmasıdır. Ona görə də 546 215 SMS-in 212 366 qaydalara uyğun SMS olub ki, onlara da müvafiq icazələr verilib.190 minə yaxını ərzaq və gündəlik tələbat üçün, 14 mindən çoxu təxirəsalınmaz tibbi zərurət, səkkiz minə yaxını isə yaxın qohumun dəfnində iştirakla bağlıdır. Digərləri isə təyin olunmamış müraciətlər üzrə olub”, - deyə Ü.Mehdiyev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, insanların yaşayış yerini tərk etmələri üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
Yalnız SMS-ə cavab gəldikdən sonra yaşayış yerini tərk etmək mümkündür. Məlumatla buradan tanış ola bilərsiniz.
İlhamə Əbülfət
Rəylər