Təsis edilməsinin 70-ci ildönümündə, UNICEF dünyadakı uşaqlar üçün nail olunmuş olduqca böyük və əhəmiyyətli inkişafı bayram edir və həyatları və gələcəkləri münaqişə, böhran, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəbindən təhlükədə qalmaqda davam edən milyonlarla uşağa çatması üçün təkidli çağırışını yeniləyir.
Oxu.Az xəbər verir ki, “İşə başlamağımızdan yetmiş il keçdikdən sonra bizim qeyd etməyə çoxlu səbəblərimiz olduğu kimi, uşaqlar üçün görüləcək işlərimiz də hələ çoxdur”, - deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) söyləyir.
“Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşmaqdadır və biz istəyirik ki, bu inkişaf bütün ölkə boyu və hər bir şəraitdə hər bir uşağı əhatə etsin – öz keçmişimizi qeyd etdiyimiz kimi, bu da bizim gələcək üçün konsepsiyamızdır”, - deyə o bildirib.
UNICEF müharibədən sonrakı Avropada, Çində və Yaxın Şərqdə uşaqlara kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən yaradılıb. Bütünlüklə hökumətlər, vətəndaş cəmiyyətləri, özəl sektor və maraqlı vətəndaşlardan gələn könüllü ianələr hesabına maliyyələşməklə o, tezliklə öz əhatə dairəsini genişləndirir və artıq 1955-ci ildə 90-dan artıq ölkədə uşaqlarla iş aparırdı.
UNICEF Azərbaycanda öz işinə 1993-cü ildə başlayıb. Burada onun ilk proqramları, nəinki yalnız milli inkişaf prioritetlərinə yönəlmək üçün, eləcə də təxirəsalınmaz humanitar ehtiyacları qarşılamaq üçün işlənib hazırlanıb. UNICEF-in ölkə üzrə ilk proqramları əsas diqqəti peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəldib.
Hökümətlə və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini verib, bunlara da – digər uğurlarla yanaşı – Azərbaycanı poliomielitdən azad ölkəyə çevirməyə və digər profilaktikaya tabe xəstəliklər təhlükəsinin azaldılmasına kömək, uşaqlar üçün təhsil standartlarının yaxşılaşdırılmasına kömək və əlilliyi olan uşaqlar üçün daha çox sinif otaqlarının açılması, məcburi köçkün düşərgələrində yaşayan uşaqlar üçün dəstək proqramları, uşaqların rifah halının yaxşılaşdırılması islahatlarının başlanmasına kömək, gənclər üçün idmanla məşğul olmaq və asudə vaxtlarını daha yaxşı keçirmək məqsədilə imkanların yaradılması və uşaq hüquqlarının Azərbaycanın qanunvericilik bazasına daxil edilməsi üçün tövsiyələr daxildir.
Azərbaycanda 70 illik yubiley mərasiminin əsas tədbirlər planına dekabrın 14-də Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərin iştirakı ilə xatirə tədbiri, eləcə də uşaqlar üçün inkişaf məsələlərinin müzakirə edilməsi məqsədilə dekabr ayının 15-də Azərbaycan Milli Məclisində (parlamentində) xüsusi görüş daxildir.
“Bu gün UNICEF Azərbaycanın uşaqlarına və gənclərinə və onların mümkün ola bilən ən yaxşı gələcəyinə həmişə olduğundan daha ciddi şəkildə istiqamətlənmişdir. Biz bütün uşaqların eyni imkanlara, eyni həyat şərtlərinə və öz hüquqlarına, eyni qayğıya malik olacaqları gələcəyə nail olmağa can atırıq”, - deyə Karvardin qeyd edib.
“Mən inanıram ki, hər bir uşaq üçün sərmayəni təşviq etmək məqsədilə hökumətdəki, parlamentdəki, vətəndaş cəmiyyətindəki və beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla birlikdə işləməklə biz öz konsepsiyamızın Azərbaycanın hər yerində bütün ailələr və icmalar üçün reallığa çevriləcəyinin şahidi olacağıq”, - deyə o vurğulayıb.
UNICEF həyata keçirdiyi bütün fəaliyyətlərdə uşaqların hüquqlarını və rifahını dəstəkləyir. Biz ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla əlaqə yaratmaq üçün xüsusi səy göstərməklə, dünyanın istənilən yerindəki uşaqların maraqları naminə tərəfdaşlarımızla birgə 190 ölkədə və bölgədə bu öhdəliyi praktik olaraq həyata keçirmək üçün fəaliyyət göstəririk.
UNICEF və onun Azərbaycandakı fəaliyyəti haqqında ətraflı məlumat üçün bu veb-səhifəsini ziyarət edə bilərsiniz: www.unicef.org/azerbaijan.
Ətraflı məlumat üçün əlaqə saxlayın:
Ayna Mollazadə, amollazade@unicef.org
A.S.www.oxu.az