Yeni təhsil ilinin başlamasına elə də çox vaxt qalmayıb. Günlər azaldıqca məktəbə uşaq yola salan valideynləri maraqlandıran suallar da çoxalır. Bu suallardan ən vacibi isə budur: Görəsən bu il bir uşağı məktəbə yola salmaq üçün nə qədər pul lazım olacaq?
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əsas vəsait tələb edən Bakı şəhəri də daxil olmaqla bir neçə şəhər və rayon məktəblərində tətbiq olunan vahid məktəbli formasıdır.
Əgər illər öncə imkanı olmayan valideyn parça alıb özü tikə və ya imkanı çatan qiymətə geyim alırdısa, hal-hazırda bu mümkün deyil. Mütləq şəkildə Tikiş Fabrikinin satışa buraxdığı geyimlərdən istifadə edilməlidir.
Bakı tikiş evinin satış üzrə direktoru Etibar Əzimov bildirir ki, məktəbli formalarınə bu gün də əldə etmək olar, amma fabrikin mağazalarından.
“İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan məktəbli formalarının qiyməti 40 manat təşkil edir, yuxarı siniflər üçün isə 52 manat”.
Formaya köynək, jilet, pencək, ətək və yaxud şalvar daxildir.
Şagirdlərə dərsliklər Təhsil Nazirliyi tərəfindən pulsuz paylansa da, digər vəsaitlər əməlli-başlı xərc tələb edir. Paytaxtda ləvazimatların ucuz qiymətə satıldığı məkan kimi tanınan Sədərək Ticarət Mərkəzində şəhərin mərkəzindəki mağazalarda qiymətləri müqayisədə edib, belə bir nəticəyə gəlirsən: qiymətlər arasındakı fərq ən azı 30%-a qədərdir.
Başlayaq məktəb çantalarından. Sədərək Ticarət Mərkəzində Dubaydan gətirilən çantalar 10-15 manat arası, Türkiyə istehsalı olanlar 35-40 manat arasında dəyişirsə, paytaxtın mərkəzində yerləşən mağazalarda qiymətlər xeyli yüksəkdir. Dubay 20-25, Türkiyə 45-60 manat, daha keyfiyyətli çantaların qiymətləri isə hətta 100-130 manata kimi qalxır.
Məktəb ləvazimatlarının qiyməti isə aşağıdakı kimidir:
Sədərəkdə 12 vərəqli dəftər 4-12 qəpik (qiymət keyfiyyətinə görə dəyişir), mərkəzdə 10-15 qəpikdir.
Məktəblinin əsas ləvazimatının qiyməti onun istehsal edildiyi rayondan da asılıdır. Belə ki, Azərbaycanda istehsal edilən 40 vərəqli dəftər 13-15, Rusiya istehsalı 30, Türkiyə istehsalı 50 qəpikdir. 100 vərəqli dəftərlərin qiyməti 32-50 qəpik arasında olsa da mağazalarda bu rəqəm 0,80-1 manatdır.
Qələm 5-35 qəpik, mərkəzdə 20 qəpik-1 manat.
Rəngli karandaş 1-3 manat, mərkəz 2-7 manat.
Xətkeş 10-30 qəpik, 40 qəpik-2 manat.
Pozan 20-40, 0,40-1 manat.
Flomaster 50 qəpik - 2 manat, mərkəzdə 2-5 manat.
Qələm qabı 1,50-3 manat, mərkəzdə 2-5 manat.
Su qabı 2-6 manat, mərkəzdəki mağazalarda isə 3-14 manatadəkdir.
Satıcıların dediklərinə görə, 1-ci sinif üçün bir neçə iş dəftəri lazımdır ki, onlardan hər birinin ən aşağı qiyməti 4 manatdır. Bu da ümumilikdə təxminən 30 manat edir. Hələlik məktəb bazarı tam gücü ilə fəlaiyyətə başlamasa da ötən illə müqayisədə qiymət artımı da müşahidə edilir. İş dəftərləri ilə yanaşı aşağı siniflər üçün xüsusi testlər də satılır.
Bir ailəyə yalnız bir uşağı 1-ci sinifə göndərmək üçün ən azı 100-120 manat lazımdır.
Yuxarı siniflər üçün isə dövlətin verdiyi kitablardan əlavə olaraq şagirdlər 9 cild test almalıdırlar. Testin ən ucuzu 3 manatdır, ümumilikdə 27 manat tələb olunur. Beləliklə, ailə yuxarı sinif şagirdini məktəbə yola salmaq üçün 100-130 manata yaxın pul xərcləməlidir. Ailədə bir yox, bir neçə uşaq olsa bu rəqəm bir necə dəfə artır.
Bütün bunları nəzərə alaraq valideynlərin nə səbəbə həyəcan keçirməsinin səbəbini başa düşmək çətin deyil.
Hamının ləvazimat almaq üçün şəhər kənarına çıxmaq imkanı olmadığını nəzərə alsaq paytaxtın mərkəzində də belə topdansatış mərkəzlərini yaratmaq olar. Bu övladını məktəbə yola salan valideynlərə dəstək ola bilər.
Daha yaxşı olar ki, sahibkardan yüksək icarə pulu tələb edilməsin. Əlbəttə ki, icarə pulu artdıqca malın qiyməti də artacaq. Belə olduqda isə zərər yenə də valideynə dəyəcək...