Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? - Həkimə təcili müraciət etməni göstərən SİMPTOMLAR
Uşaqlarda zəhərlənmə hər bir valideynə tanış olan hadisədir. Lakin bu geniş yayılmış problem uşağın sağlamlığı üçün təcili tibbi yardım tələb edən ciddi nəticələrə səbəb ola bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Kuzmina danışıb.
O bildirib ki, qida zəhərlənməsi mədə-bağırsaq traktına infeksion agentin düşməsi nəticəsində yaranan kəskin infeksion xəstəlikdir, yəni kəskin bağırsaq infeksiyasıdır (KBİ).
"KBİ müxtəlif bakteriyalar, viruslar və ya ibtidai parazitlər tərəfindən törədilir. Onlar çirkli su, istifadə müddəti bitmiş qida, kifayət qədər termik emal edilməmiş qidalar vasitəsilə, həmçinin bağırsaq infeksiyası daşıyıcısı ilə təmasda orqanizmə keçə bilər. Qida zəhərlənməsinin əsas əlamətləri arasında intoksikasiya, qarın ağrıları, duru nəcis, qusma, temperaturun yüksəlməsi, süstlük, zəiflik və qidadan imtina var. Bunun nəticəsində uşaqda eksikoz - orqanizmdə maye çatışmazlığı inkişaf edə bilər ki, bu da ürək-damar, sinir və sidik-ifrazat sistemlərinin fəaliyyətinə təhlükə yaradır", - deyə Yekaterina Kuzmina xəbərdarlıq edib.
Uşaqda maye çatışmazlığı zamanı dəri və selikli qişaların quruluğu, seyrək sidik ifrazı, göz yaşsız ağlama, süstlük, şüurun pozulması, görmənin itməsi və qıcolmalar müşahidə olunur. Bu əlamətlər təcili tibbi yardım çağırılmasını tələb edir.
Həkim həmçinin bildirib ki, bağırsaq infeksiyasının əlamətləri altında cərrahi patologiya da gizlənə bilər. Buna görə də, uşaqda zəhərlənmə əlamətləri yarandıqda vaxtında tibbi yardıma müraciət etmək çox vacibdir.
"Bağırsaq infeksiyalarının profilaktikası qida hazırlayarkən gigiyena qaydalarına riayət etməkdən, tərəvəz və meyvələri yaxşıca yumaqdan, həmçinin şəxsi gigiyenaya riayət etməkdən - yeməkdən əvvəl, tualetdən sonra və heyvanlarla təmasdan sonra əlləri yumaqdan ibarətdir", - deyə həkim sözlərini yekunlaşdırıb.
Rəylər