Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Uşaqlarımız Qarabağda böyüyəcəklər” - Talışdan REPORTAJ + FOTO
İşğaldan azad edilmiş Talış kəndində həyat canlanır. Birinci mərhələdə kənddə 20 ev, 10 qeyri-yaşayış və ictimai iaşə obyekti bərpa edilərək yenidən qurulub. Kənddaxili yolların inşası həyata keçirilib, yaşıllıqlar salınıb, dekorativ ağaclar, kollar, güllər əkilib. Kommunikasiya xətləri yenidən qurulub, yeni qaz xətti çəkilib. Bir sözlə, ötən ilin mart ayından kəndə köçürülən sakinlərin rahat və firavan yaşayışı təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri Talış kəndinə gedərək Aslanovlar ailəsinin qonağı olub.
Ailə başçısı Taleh Aslanov deyir ki, çətinliklə keçən 30 illik köçkünlük həyatından sonra indi Talış kəndində rahat, firavan yaşayırlar:
“Torpaqlarımız işğal olunandan sonra Bərdə rayonunun Şorəlli kəndində, xəstəxana binasında məskunlaşmışdıq. 30 il çox çətinliklər gördük, şəraitsiz binada yaşamalı olduq.
2020-ci il bütün xalqımız üçün olduqca uğurlu oldu. 44 günlük Vətən müharibəsində ordumuz qalib gəldi, torpaqlarımız işğaldan azad edildi. Ən böyük arzumuz gerçəkləşdi… Nəhayət, ötən ilin martında, Novruz bayramından bir neçə gün əvvəl Talış kəndinə köçdük, burada evlə təmin olunduq. Novruz bayramı bizim üçün ikiqat sevincli oldu. Beləliklə, 30 illik köçkünlük həyatı başa çatdı, doğma torpaqlarımızda yeni - firavan günlərimiz başladı”.
T.Aslanov Talışdakı yeni həyatlarından bəhs edir:
“Evimiz üçotaqlıdır, hər cür şəraiti var - fasiləsiz qaz, elektrik enerjisi, rabitə ilə təmin olunub. Həyətimizdə alma, armud, heyva, tut, nar, naringi ağacları var. Həmçinin, müxtəlif tərəvəzlər - pomidor, badımcan, qarğıdalı, göy-göyərti becəririk. Uşaqlarımız məktəbə gedirlər. Qızım dördüncü, oğlum isə ikinci sinifdə oxuyur. Mən işləyirəm, həyat yoldaşım da kənddəki uşaq bağçasında işlə təmin olunub. Biz sözlə, hər şey yaxşıdır. Ən əsası isə odur ki, illərdir həsrətində olduğumuz Qarabağımızdayıq. Çox sevinirəm ki, uşaqlarımız burada böyüyəcəklər”.
Ailənin böyük övladı Qönçə ilə söhbət edirik. O, atasının Qarabağ haqqında danışdıqlarını həmişə maraqla dinlədiyini bildirir:
“Atam tez-tez Qarabağ haqqında, buranın təbiəti, dağları, bu yerlərdə keçirdikləri gözəl günlər barədə danışır. Onun Qarabağla bağlı dediklərini maraqla dinləyir, ürəyimdə arzular qururdum. Həmişə istəyirdim ki, torpaqlarımız azad olunsun, atamın bəhs etdiyi o dağları, meşələri mən də görüm”.
Artıq Qönçənin arzusu gerçəkləşib. İndi isə onun ən böyük istəyi böyüyəndə həkim olmaqdır.
“Dərslərimi yaxşı oxuyuram. Böyüyəndə həkim olub, kəndimizdə işləmək istəyirəm”, - deyə Qönçə arzusunu söyləyir.
Ailənin xanımı Tükəzban Mustafayeva da artıq illərin bir-birindən uğurlu gəldiyini söyləyir:
“Şükürlər olsun Allaha, illərimiz bir-birindən uğurlu olur. Keçən il Talış kəndində məskunlaşdıq. Artıq bizim də evimiz var. Kənddə sakinlər üçün hər cür şərait yaradılıb. Gündəlik həyatımızı yaşayırıq. Hər səhər uşaqlar məktəbə, biz işə gedirik. Hər şeydən razıyıq. Bundan artıq nə istəyə bilərik? Gələn ay ölkəmizdə prezident seçkisi keçiriləcək. Bu seçki bizim üçün əlamətdar olacaq. Çünki azad edilmiş ərazilərə köçmüş sakinlər olaraq səsvermədə iştirak edəcəyik. Allah dövlətimizi hər zaman qüdrətli eləsin”.
"Bərdə" teqi üzrə xəbərlər
- Dastana dönən qəhrəman Xudayar Yusifzadənin qardaşının toyundan görüntülər
- Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
- Narkotikə görə tutulan şəxsin yeddi evdən oğurluq etdiyi məlum olub
- Ermənistanın Bərdəyə raket hücumu - "Maşının içinə baxanda gördüm ki, atam yanıb həlak olub"
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub
Rəylər