Bakıda özəl məktəblərdə uşağını oxudan valideynlər övladları üçün yeni dərslik tapa bilmirlər.
Valideynlər Oxu.Az-a müraciət ediblər ki, Bakının mərkəzində fəaliyət göstərən məktəblərdə 2014-cü ildə çap olunmuş TQDK tərəfindən təqdir olunmuş və redaktə olunmuş dərslik verilir, şəhərin nisbətən mərkəzindən kənar yerləşən məktəblərdə köhnə TQDK tərəfindən təqdir və redaktə olunmamış dərsliklər verilir. Bakı şəhərində yerləşən özəl məktəblərdə isə yeni dərslik verilmir və valideynlər dərslik almaq üçün ticarət mərkəzlərinə üz tuturlar.
Valideynlərin verdiyi məlumata görə, ticarət mərkəzində yeni çap olunmuş TQDK tərəfindən təqdir və redaktə olunmuş dərslik satılmır. Və onlar bu dərslikləri ala bilmirlər.
Məsələ ilə bağlı Oxu.Az Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlik bildirib ki, TQDK-nın ümumtəhsil məktəb dərsliklərinin monitorinqi zamanı formalaşan yekun rəylərində irad və təkliflər bu il nəşr olunan bütün dərsliklərdə, xüsusən şagird kontingentinə uyğun tam tirajda çap olunmuş II, III sinif dərsliklərində əsasən nəzərə alınıb, həmin dərsliklərin maketi TQDK-nın ekspertizasından keçdikdən sonra nəşr edilərək məktəblilərin istifadəsinə verilib. İstər Bakıya, istərsə də bölğələrə verilən dərsliklər eyni məzmunlu olub, heç bir fərqli əlamətləri yoxdur. Nəzərə almaq gərəkdir ki, bu il çap olunan I, V, IX, X sinif dərslikləri ümumi şagird kontingentinin 45%-i həcmində (əvvəlki illərdə 105% həcmində olub) çap olunub. Bu o deməkdir ki, şagirdlər əvvəlki illərdə çap olunan və tədrisə tam yararlı dərsliklərdən də istifadə etməlidirlər.
Nazirlik qeyd edib ki, özəl təhsil müəssisələrinin dərsliklə təminatı məsələsinə gəlincə isə bildiririk ki, mövcud qanunvericiliyə görə dövlət vəsaitinə çap olunan dərsliklər dövlət təhsil müəssisələri üçün nəzərdə tutulub. Özəl ümumtəhsil məktəblər dərslikləri nəşriyyat-poliqrafiya müəssisələrindən və ya ticarət müəssisələrindən əldə edə bilərlər.
Elvin Əhmədov